
Şükür nəfsə qarşı bir qalxan kimidir
Şükür həm böyük bir ibadətdir, həm də insanı azğınlaşmaqdan qoruyan bir qalxan kimidir. Çünki insan nəfsində zənginlik və ya güc tapdıqda zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa qarşı meyil etmə vardır. Zənginləşib yaxşı imkanlara sahib olsa, acizliyini unutmağa və qürurlanmağa başlayır. Şükür isə bu azğınlığa mane olur.
Şükür edən insan bilir ki, əlinə keçən hər neməti ona verən Allah`dır. Bu neməti də Allah`ın yolunda, Onun istədiyi şəkildə istifadə etməklə məsuldur. Yüksək mövqe, böyük mülk və hakimiyyət verilən hz. Davud və hz. Süleymanın təvazökarlıq və kamilliklərinin bir səbəbi də həmişə şükür etmələridir. Ona verilən mülkə görə azğınlaşan Qarunun da səhvi şükür etməyi bilməməsidir.
Əgər mömin ona verilən nemətlərə görə azgınlaşmayacağını, qürurlanıb öyünməyəcəyini etdiyi şükürlə Allah`a göstərsə, Allah da ona daha çox nemət verər. Allah`ın Quranda verdiyi "O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir." (“İbrahim “surəsi, 7) hökmü bunu açıq şəkildə ifadə edir.
Şükür təkcə Allah`a sözlə həmd etməklə deyil, Rəbbimizin verdiyi bütün nemətləri Haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi, Allah rizası üçün istifadə etməklə məsuldur. İlk növbədə də, Allah`ın ona verdiyi bədəni Onun razılığını qazanmaq üçün istifadə etməlidir.
Quranda Allah`ın nemətlərinə şükür etməyin bir yolunun da Onun nemətləri haqqında başqalarına danışmaq, yəni din əxlaqını təbliğ etmək olduğu belə ifadə edilir:
"Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" (“Duha” surəsi, 5-11)