EQOİZM YOXSA FƏDAKARLIQ?

Qurani Kərimdə "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız…" (“Ali İmran” surəsi, 92) ayəsinin hökmü ilə mühüm bir həqiqət bildirilmişdir. İnsanları sözün əsl mənasında yaxşılığa çatdıracaq əsas əxlaq xüsusiyyətlərindən biri fədakarlıqdır. Fədakarlıq insanın sahib olduğu, sevdiyi, dəyər verdiyi şeylərdən heç düşünmədən və qəlbən istəyərək imtina edə bilməsidir. Etibar etdiyi dəyərlər və ya sevdiyi insanlar xatirinə lazım gəldikdə hər cür çətinlik və sıxıntıya razı olmasıdır. Bu, fədakarlığı artıqlaması ilə edə bilməsi üçün lazımi şövqü, əzmi və iradəni özündə tapa bilməsidir.

Ancaq insan nəfsi eqoizmə meyilli yaradılmışdır. Nəfsini tərbiyə etmədiyi halda, bu eqoist duyğular insanın bütün əxlaqına hakim olur. Belə insan isə, ümumiyyətlə, hamıdan artıq, hətta çox vaxt yalnız özünü düşünür. Özü üçün həmişə hər şeyin ən yaxşısını, ən gözəlini, ən mükəmməlini istəyir. Hər hansı bir çətinliklə qarşılaşdıqda, ətrafındakı insanların təhlükəyə məruz qaldıqları halda belə, özünə kömək etmələrini istəyir. Həmişə gizlində öz istək və arzularını həyata keçirmək, rahatlığını təmin etmək arzusundadır. Əks təqdirdə, mənfəətini düşünüb özünə zərər gəlməsindən qorxduğuna görə dəyər verdiyi bir çox şeylərdən əl çəkə bilir. Allah insanın nəfsindəki bu eqoizmi Quranda belə bildirmişdir:

"Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir." (“Məaric” surəsi, 19–21)
EQOİST INSANLAR ALLAH`I LAYİQİNCƏ TƏQDİR EDƏ BİLMİRLƏR

Dünya həyatının mənfəətləri ilə vaxt itirən və lazımı fədakarlığı göstərməyən insanlar Allah`ın gücünü, iman gətirənlərə mərhəmətini, onları qoruduğunu və hər zaman onların vəlisi, dostu və köməkçisi olduğunu layiqincə qavraya bilməmişlər.

EQOİSTLİK AXİRƏTDƏ İNSANI ZİYANA DÜÇAR EDƏR (İNSANA ZƏRƏR VERƏR)

Quran əxlaqını və vicdanının səsini bildiyi halda, dünya həyatında bu həqiqətləri qulaq ardına vuran bir insan axirətdə çox böyük və bərpası mümkün olmayan bir peşmanlıq yaşayacağını unutmamalıdır. Eqoist istəklərinin arxasınca gedərək həyatlarını başa vuran insanlar axirət ilə qarşılaşdıqda dünyaya bir də geri qayıdıb malları və canları ilə Allah üçün fədakarlıq etmək istəyəcəklər. Qazanc hesab edərək fədakarlıq etmədikləri, yığdıqları hər şeyi cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcəklər.

"Və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası? O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir.." ("Fəcr" surəsi, 23–24)

EQOİST İSTƏKLƏRDƏN QURTULMAQLA XİLAS OLMAQ OLAR

Nəfsin bu zəifliyindən imanı dərk etmək və Quran əxlaqını yaşamaqla xilas olmaq mümkündür. Quranda bildirilən həqiqətləri və Allah`ın əmr etdiyi əxlaqı dərk edən insan həyatının hər anında fədakarlıq edə biləcək bir əxlaqa nail ola bilər. Çünki Allah, "...Nəfsinin tamahından qorunanlar nicat tapanlardır." (“Təğabun” surəsi, 16) ayəsi ilə nəfsinin bu pis xüsusiyyətlərindən qorunanların dünyada və axirətdə qurtulacaqlarını bildirmişdir.