NƏFS VƏ VİCDAN

Quranın bildirdiyinə görə insanın nəfsi iki tərəflidir: Bir tərəfi pisliyi, digəri həmin pislikdən çəkinməyi əmr edir. “Şəms” surəsində bu vəziyyət belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah’dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır.(“Şəms” surəsi 7-10)
Ayələrdə nəfslə bağlı verilən məlumatlar çox əhəmiyyətlidir: Allah insanı yaradarkən nəfsini hazırlamış və ona "fücur"unu ilham etmişdir. Fücur ərəbcə "düzgünlük sərhədlərinin dağılıb parçalanması" mənasını verir. Dini termin kimi fücurun mənası belə verilir: "Günah və üsyan etmək, fasiq olmaq, yalan danışmaq, qarşı çıxmaq, haqdan üz çevirmək, nizamı dağıtmaq, zina, əxlaqi çöküntü ..."

“Şəms” surəsindəki ayədən öyrəndiyimizə görə Allah bu pisliklərlə yanaşı, insana nəfsin fücurundan çəkinməsini də ilham etmişdir. Növbəti cümlələrdə verilən məlumatlar isə çox əhəmiyyətlidir: Nəfsini təmizləyən, yəni nəfsinin fücurunu qəbul edib, Allah`ın ilhamına tabe olanlar xilas olacaqlar. Bu, əbədi və əsl qurtuluşdur, yəni Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq... Bunun əksinə, nəfsini örtən, yəni onun fücurunu, pisliyini təmizləməyən, içində gizli tutan insan isə məhv olacaq. Bu da Allah`ın lənəti və cəhənnəm əzabı deməkdir.

Bu məqamda əhəmiyyətli bir nəticəyə gəlirik: Hər kəsin nəfsində mütləq pisliklər var. Bir insanın nəfsindəki pisliklərdən təmizlənməsinin tək yolu isə bu pisliyin varlığını qəbul etməsi və Allah`ın bildirdiyi şəkildə ondan çəkinməsidir.

Məhz möminlərlə inkarçılar arasındakı əhəmiyyətli fərqlərin biri bu məqamda ortaya çıxır. İnsan ancaq İslamın verdiyi bilik və tərbiyə nəticəsində nəfsində pislik olduğunu və ondan çəkinməli olduğunu öyrənir və qəbul edir. Dinin və onu təbliğ edən peyğəmbərlərin ən üstün xüsusiyyətlərindən biri insanların nəfslərindəki pisliyi üzə çıxarması və onu təmizləməsidir. Buna görə də Quranda “Bəqərə” surəsinin 87-ci ayəsində inkarçı yəhudilərə səslənərkən "...Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?" deyildiyi bildirilir.

Ayədə bildirildiyi kimi, inkarçılar nəfslərindəki pisliyə təslim olurlar və buna görə də nəfslərinə zidd olan şeyləri onlara tövsiyə edən haqq dini və bu dini təbliğ edənləri yalanlayırlar. Bu vəziyyətdə olan insan “Şəms” surəsindəki ayələrdə bildirildiyi kimi, nəfsini örtür və onun fücuruna əsir olur.

Bu halda bütün inkarçıların nəfslərindəki fücura təslim olduqlarını, yəni həqiqi ağıldan məhrum qaldıqlarını söyləyə bilərik. Bu bir növ qeyri-ixtiyari həyatdır, bütün rəftarlar, bütün düşüncələr nəfsin fücurunun təlqininə uyğun təşkil edilir. Quranda inkarçılar üçün istifadə olunan "heyvan" bənzətməsinin hikmətlərindən biri də budur.

Ancaq əksinə, möminlər Allah`ın fərqinə varırlar, Ondan qorxurlar və hökmlərinə qarşı çıxmaqdan çəkinirlər. Buna görə də nəfslərindəki fücura əsla təslim olmur, əksinə aşkara çıxarır və Allah`ın ilham etdiyi kimi ondan çəkinir. Hz. Yusufun söylədiyi, " Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (insana) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (“Yusuf” surəsi, 53) ayəsi möminlərin necə düşünməli olduğunu göstərir.

Mömin hər vəziyyətdə nəfsinin onu səhv yola yönəltmək istəyəcəyini bilərək ehtiyatlı davranmalıdır.

Buraya kimi nəfsin iki zidd cəhətindən birini, yəni "fücur" qismini araşdırdıq. Allah’ın nəfsə fücur ilə yanaşı, ondan çəkinməyi də ilham etdiyini öyrəndik. İnsanı Rəbbinə və dinin bildirdiyi həqiqətlərə, xeyirlərə yönəldən, yaxşını pisdən ayıran nəfsin bu xüsusiyyətinə "vicdan" deyilir.