NƏFS VƏ ŞEYTAN

Şeytanın hiylələrindən biri- insanı günlük həyatın təfsilatlarına, problemlərinə və ya ötəri gözəlliklərinə meyil etdirərək ona Allah`ın varlığını və üstün gücünü unutdurmaqdır. Beləliklə, insan davranış və qərarlarındakı doğrunu və yanlışı Allah`ın razılığına görə seçməyi də unudacaqdır. Bu halda insanın qərarları Allah`ın əmrləri deyil, öz nəfsinin və şeytanın istəkləridir.

Şeytanın insanları səssizcə din əxlaqından uzaqlaşdırmaq planı insanı Allah’ın razılığının ən çoxundan Onun razı qalmayacağı nöqtəyə doğru aparır. Nəfsinə qarşı iradə göstərməyən insan vicdanla deyil, nəfsinə uyğun seçimlər edir. Əgər bu insan əvvəllər Allah`ın rizasına əməl edən biri idi isə, seçimlərindəki fərq dərhal görünür.

Əvvəllər özlüyündə əhəmiyyətli görmədiyi səhv və iradəsizliklərlə vicdanın səsini susdurmağa başlayan insan bir müddət sonra özünü ən böyük günahları edən və bundan heç bir narahatlıq hiss etməyən bir halda görər. Bu mərhələlərin əvvəlində şeytan insana vicdan əzabını azaldacaq bəhanələr verir. Bu bəhanələrin ən təsirlilərindən biri ona gücsüz olduğu təlqinini verməsidir. Buna görə də ilk növbədə insanı Allah`ı xatırlamaqdan uzaqlaşdırır.

Məsələn, şeytanın inanan bir insan üçün ilk gücsüzlük təlqinləri səhərlər namaza qalxmaqda çətinlik çəkdiyi, oyanmağa gücünün çatmadığı istiqamətində olur. İnsan yuxuya ehtiyac hiss edəcək şəkildə aciz yaradılmışdır. Lakin səmimi müsəlmanla özünə bəhanə axtaran zəif imanlı insanı bir-birindən fərqləndirən xüsusiyyət Allah qorxusudur. İnsana müəyyən olunmuş vaxtlarda ibadət etməyi fərz edən Allah onu buna asanlıqla gücü çatacaq şəkildə yaratmışdır. Səmimi müsəlman bu həqiqəti bilir və Allah`ın ondan istədiyi ibadətləri yerinə yetirməmək üçün əsla acizliklərini bəhanə eləmir. Şeytanın təlqinlərinə açıq qapı buraxan insan isə artıq axşam yatarkən səhər qalxmayacağını özünə təlqin etməyə başlayır. Allah Quranda "…Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir..." (“Ənkəbut surəsi”, 45) ayəsi ilə şeytanın insana etdirmək istədiyi pisliklərin qarşısını namazın aldığını bildirir. “Məryəm” surəsinin 19-cu ayəsində də namaz qılmaq həssaslığını itirdikdən sonra şəhvətin ardınca gedənlərdən xəbər verilmişdir: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi..." İnsanı çirkin və yaramaz işlərdən qoruyan namazdan uzaqlaşdırma isə şeytanın planındakı ilk mərhələlərdən biridir.

Yuxarıda bəhs etdiyimiz gücsüzlük (acizlik) təlqini ilə ibadətlərini ləngitməyə başladıqdan sonra insanın fikirlərində də tənbəllik yaranır. Din əxlaqının qazandırdığı şərəflə əvvəllər iman gətirməyənlərin din əxlaqına uyğun olmayan davranış və sözlərinə münasibət bildirən insanın getdikcə bu reaksiyaları zəifləyir və yerini laqeydsizliyə buraxır. Çünki bu mərhələdə özü də yavaş-yavaş öz nəfsinin istədiyi kimi yaşamağa başlayıb və nəfsinin rəhbərliyində yaşananlara reaksiya göstərməsi yeni həyat fəlsəfəsi ilə uyğun gəlmir. Bir müddət sonra bu laqeydlik insanların Allah`ın əmr və istəklərini qulaq ardına vuraraq yaşaya biləcəkləri yanılmasına çevrilir. Hələ dinsizliyi özünə yaraşdırmayan və hələ din əxlaqının bir qismini yaşayan bu insan səmimiyyətsiz və səhv düşüncəsi ilə özünə görə vicdanını rahatladır. Öz-özünə bir çox bəhanələr irəli sürür, guya "gücünün çatmadığını", "əslində əlindən gələni etdiyini", "yaxşı niyyətli olduğunu" iddia edərək vicdanını rahatlatmağa çalışır. Halbuki, səmimi bir müsəlman əslində bütün bu səmimiyyətsiz məntiqlərin dinsizliyə gedən yolda özünü rahatlamaq məqsədi olduğunun fərqindədir. Din əxlaqını yaşayan insan sərhədlərini dünyəvi istəklər və məqsədlərlə deyil, Quran ayələrinə görə səmimi şəkildə vicdanı ilə təyin etməlidir. Din əxlaqının necə yaşanacağı məsələsində bu cür azğın məntiqləri ilə şeytanın arxasınca getdikləri Quranda belə bildirilir:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (“Həcc” surəsi, 3-4)
İnsanı namaz qılmaqdan və müsəlman kimi davranmaqdan saxlayan şeytanın planındakı növbəti mərhələ bu insanın inkarçıların əxlaqına qarşı laqeydliyini simpatiyaya çevirməkdir. Eyni zamanda bu insanın Allah`ın istədiyi həyatı yaşamaqda qərarlı və səmimi müsəlmanlara qarşı bağlılığı və sevgisi də azalır. Böyük ehtimalla, azalmaqla da kifayətlənmir və bu insan inkar edənlərin əxlaqını normal qəbul edir, müsəlmanların əxlaqını isə vicdanının zəifləməsinin nəticəsində, özünə görə anormal görməyə və süni bəhanələrlə tənqid etməyə başlayır. Çünki vicdanı ona əslində səmimi müsəlman kimi yaşamağı və nəfsinə görə Allah`ın razılığından əl çəkməli olduğunu həmişə xatırladır. Səmimi müsəlmanların varlığı onu dünya və axirətdə ziyana uğradacaq dünyəvi istək və ehtirasları arasında görünməz bir çəpər kimidir. Əgər həyatlarını dərin Allah sevgisi və qorxusu ilə yaşayan bu insanların varlığı vicdanını narahat etməsəydi, bəlkə də, din əxlaqından uzaqlaşıb küfrə tamamilə uyğunlaşması çox tez olardı.

Bu mərhələdəki insan hələ tamamilə dinsiz olacaq qədər vicdanının səsini susdurmuş deyil. Get-gedə artan iradəsizliyinin verdiyi vicdan əzabını susdurmaq üçün hərdənbir Allah`ın tərəfdarı olduğunu düşünür. Lakin din əxlaqını yaşamaq məsələsində ancaq səmimi müsəlmanlarla birlikdə olduğu zaman iradəli ola bilir. Nəfslərinin istədiyi kimi din əxlaqına əks yaşayanların yanına getdiyi zaman, əslində onların tərəfində olduğunu düşünməyə başlayır. Şeytanın təsiri altındakı bu insanın qaranlıq ruh halını Allah Quranda belə bildirir:
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər." (“Bəqərə” surəsi, 14-15)
…Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. (“Mücadilə” surəsi, 14)