
Hər an şüküredici olmaq
Bəzi insanlar şükür etmək üçün onlara çox böyük, xüsusi bir nemətin gəlməsini və ya böyük problemlərinin həll olunmasını gözləyirlər. Halbuki, bir az diqqət yetirdikdə, insanın hər anının nemət içində keçdiyi görünür. Həyatı, sağlamlığı, ağlı, şüuru, beş duyğu orqanı, nəfəs aldığı hava və bunlara bənzər saysız - hesabsız nemətlər ona hər an fasiləsiz təqdim olunur. Bu nemətlərin hər birinə görə isə ayrı-ayrı şükür etmək lazımdır. Allah`ı anmaqda, təfəkkürdə tənbəl davranan insanlar qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olarkən bilmir, bunların şükrünü etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman dəyərlərini anlayır və nankorluqlarının nəticəsi ilə qarşılaşırlar.
Quranda Allah`ın insanlara şükür etməsi üçün verdiyi müxtəlif nemətlər sayılır və bunların şükürlərinin edilməsi təkrar-təkrar öyüd-nəsihətlə xatırladılır. Bu nemətlərdən bəziləri bunlardır: insanın düzgün şəkildə yaradılıb var olması, eşitmə, görmə və digər hisslərin verilməsi, Allah`ın insanlara gözəl əxlaqı öyrətməsi, ayələrini açıqlaması, möminləri təmizləməsi, günahların bağışlanması, ibadətlərdə asanlıq verilməsi, möminlərin əziyyətlərdən qurtarılması, insanların dünyada məskunlaşdırılıb onlara dolanışıq vasitələri verilməsi, insanlar üçün içiləcək suyun yaradılması, torpağın verdiyi məhsullar, heyvanların insanların xidmətinə və faydasına təqdim olunması, dənizin insanların əmrinə verilməsi, dənizdən çıxan məhsullar, bəzək əşyaları, dənizdə üzən gəmilər, gecə ilə gündüzün yaradılması...
Şükür etməklə bağlı xəbər verilən bir sirr isə Allah`ın Quranda və xarici dünyada yaratdığı ayələri (dəlilləri) ancaq çox şükür edənlərin anlaya biləcəyidir. Bu ayələrdən bəziləri belədir:
"Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə (çox asanlıqla) bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik." (“Əraf” surəsi, 58)
"Biz Musanı möcüzələrimizlə göndərib( ona): “Xalqını qaranlıqdan nura çıxart və Allah`ın günlərini onların yadına sal”. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır." (“İbrahim” surəsi, 5)
"Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allah`ın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir. (“Loğman” surəsi, 31)
"Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbirli və şükür edən hər kəs bundan ibrət alar." (“Səbə” surəsi, 19)Allah`ın bu ayə və dəlillərinin hikməti ancaq çox şükür edənlərin əldə etdikləri qavrayış və həssaslıqla aydın ola bilər. Nankor və laqeyd insanlar isə Allah`ın ayələrinin hikmətlərini anlaya bilməz, hətta bu ayələrin fərqinə belə vara bilməzlər.
Quranda Allah`ın peyğəmbərlərə həmişə şükür etməyi tövsiyə etdiyini görürük. Hz. Musa da bu peyğəmbərlərdəndir:
"(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”." (“Əraf” surəsi, 144)Quranda misal göstərilən bir möminin yetkinlik dövrü - qırx yaşına çatdığı zaman etdiyi duada Allah`dan ilk olaraq Onun nemətinə şükür edən olmağı istəməyi də şükür etməyin əhəmiyyətini göstərir:
"Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (“Əhqaf” surəsi, 15)
Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsəd üçün yaratmışdır. İnsana verilən hər şey insanın Allah`a şükür etməyi üçün bir nemətdir. Nemətin verilməsi o neməti istifadə edən insanı Allah`a yönəltməlidir. Çünki verilən hər şey qarşılığında Allah`a şükür etməyi tələb edir.