NƏFS İNSANA VAR GÜCÜ İLƏ PİSLİYİ ƏMR EDİR

Allah’ın Quranda insan haqqında verdiyi əhəmiyyətli məlumatlardan biri də onun nəfs sahibi olmasıdır. Ərəbcədən tərcümədə "insanın özü" mənasında olan nəfs mənlik kəlməsi ilə də təyin olunur.

Nəfs həm hər cür pisliyi, həm də ondan çəkinməyi əmr edən insanın daxilindəki gücdür. Yəni nəfs insana müəyyən hərəkəti etdirir və hər hansı qərarı aldırır. Allah Quranda nəfsin bu iki xüsusiyyətini belə bildirmişdir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah’dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır (“Şəms” surəsi, 7-9)
Ayələrdə insanların əxlaqsızlıqlarının, pis əməllərinin və davranışlarının qaynağı kimi nəfsləri göstərilir. Nəfs bu cəhəti ilə insanın ən böyük düşmənlərindən biridir. Qürurlu, xəsis və eqoistdir. Həmişə öz istək və arzularını həyata keçirir və öz rahatlığına, mənfəətinə hərisdir. Belə ki, həvəslərinə hər zaman haqqı ilə nail ola bilməyəcəyi üçün insana var gücü ilə pisliyi əmr edir. Bu həqiqət Quranda hz. Yusufun sözləri ilə belə bildirilir:
Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (“Yusuf” surəsi, 53)
Nəfsin insana var gücü ilə pisliyi əmr etməsi Allah’dan qorxan möminlər üçün vacib bir sirrdir. Bu, nəfsin istəklərinin bir an belə bitməyəcəyini, həmişə insanı Allah’ın yolundan uzaqlaşdırmağa çalışacağını göstərir. Yəni nəfs əsla susmayacaq, hər mövzuda özünü haqlı görəcək, ən çox özünü sevəcək, qürurlanacaq, hər cür nemətə sahib olmasını istəyəcək, rahatlığını ön plana çəkəcək, qısaca, Allah`ın bəyəndiyi əxlaqın tam tərsini insana yaşada bilmək üçün hər yola əl atacaq.

İnkar edənlərin, Quran əxlaqına tabe olmayanların rəftarları və əxlaqları tamamilə nəfsləri tərəfindən idarə olunur. Allah`dan qorxmadıqları üçün vicdanlarına uyğun iradəni göstərə bilmir, yalnız nəfslərinin əmr etdiklərinə tabe olurlar. Din əxlaqından uzaq cəmiyyətlərdə baş verən müharibələrin, mənfəət qarşıdurmalarının, bədbəxtliklərin kökündə hər kəsin nəfsinə tabe olaraq yalnız öz mənfəətini düşünməsi, əsl sevgi, hörmət, fədakarlıq kimi insani xüsusiyyətlərini tamamilə itirməsi dayanır.

Buna görə də Allah`ın bildirdiyi bu sirr çox əhəmiyyətlidir. İnsan yalnız bu sirri unutmazsa, nəfsinin əmrlərinə qarşı tədbir ala bilər, ona uyğun əxlaq və davranışı göstərə bilər. Nəfs tənbəlliyi əmr edərsə, onu daha çox əzərək, eqoizmi əmr edərsə, daha çox fədakar olaraq, xəsisliyi əmr edərsə, daha çox səxavətli olaraq onu tərbiyələndirə bilərsiniz. Allah “Şəms” surəsindəki ayələrdə pisliklərlə yanaşı nəfsə onlardan çəkinməyi də ilham etdiyini bildirmişdir. Yəni pis əməlləri və əxlaqsızlıqları əmr edən nəfslə yanaşı, yaxşı və gözəl olanı bildirən vicdan da vardır. Əslində hər insan vicdanən nəyin doğru, nəyin yanlış olduğunu bilir. Lakin yalnız Allah`dan qorxub çəkinənlər vicdanlarına tabe olurlar.