
NƏFSINƏ TABE OLANLARIN QARŞILAŞACAQLARI ƏZAB MÜHİTİ
İnsanların əksəriyyətində dinin hökmlərini yaşamaqla, fədakarlıq etməklə, dürüst olmaqla, qısası, vicdanlarına uyğun davranmaqla bəzi şeylərdən imtina etməli olacaqlarına dair yanlış bir düşüncə var. Halbuki, bu çox böyük bir yanlışlıqdır. Hər şeydən əvvəl, Allah Quranda əmrinə tabe olan gözəl əməl sahiblərinə sonsuz cənnət həyatı vəd etmişdir. Bu, çox böyük bir qazancdır. Ancaq unudulmamalıdır ki, Allah inananlara bu tükənməz, sonsuz gözəl həyatla yanaşı, dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(“Nəhl” surəsi, 97)
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (“Nəhl” surəsi, 30)Allah dünyada möminlərə həm maddi, həm mənəvi cəhətdən zənginlik verir. Bu, insanların əksəriyyətinin qulaq ardına vurduğu və ya fərqinə varmadıqları bir həqiqətdir. Hətta möminlərin dünyada həmişə yoxsulluq içində yaşadıqlarına dair xalq arasında yanlış fikir yayılmışdır. Məsələn, Allah hz. Muhəmmədə (s.ə.v) "Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!" (“Duha” surəsi, 8) ayəsini nazil etmişdir. Həmçinin, Quranda Allah`ın hz. Süleymana, hz. Davuda, hz. Yusufa, hz. Zülqərneynə və hz. İbrahimə bu dünyada böyük bir səltənət hədiyyə verdiyindən bəhs edilir və bütün inananlara keçmişdəkilərə verilən imkanların veriləcəyi də müjdələnir.
Zənginlik, ehtişam, gözəllik, estetika cənnətin xüsusiyyətləridir. Vicdanlarını dinləyən insanların ən böyük hədəfləri isə Allah`ın razılığını və cənnətini qazanmaqdır. Allah bu insanlara həsrətini çəkdikləri cənnəti xatırlatmaq və cənnətə olan arzularını artırmaq üçün zənginlik və ehtişamı dünyada da yaşadır. Həmçinin, Allah vicdan sahibi, seçilmiş və şərəfli insanların digər insanlara nisbətən dünyada hər cəhətdən üstün və güclü olmalarını da istəyir.
Ancaq qeyd etmək lazımdır ki, Allah dünya həyatındakı imtahana görə bəzi qullarına burada zənginlik verməyə bilər. Belə halda da möminlər Allah`ın istədiyinə istədiyi qədər ruzi verdiyini bilir və bu vəziyyətdən razı olurlar. Axirəti düşündükləri üçün qısa dünya həyatındakı heç bir vəziyyət onları çətinliyə salmır. Hər vəziyyətdə Allah`a şükür edərək axirəti istəyirlər. Quranda bu həqiqət belə bildirilir:
Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (“Rad” surəsi, 26)Dünyadakı maddi zənginlik və rifahla yanaşı, Allah bu üstün əxlaq sahibi insanlara əsasən mənəvi rahatlıq verir. Bu insanlar vicdanlarını istifadə etdiklərinə və Allah`ın razılığını axtardıqlarına görə insanlar üçün əhəmiyyətli xüsusiyyət olan rahatlığa sahib olurlar. Ruhlarında heç bir çətinlik və çaşqınlıq olmur. Dürüstlüyün və səmimiyyətin rahatlığını yaşayırlar. Allah`dan başqa heç kimdən qorxmadıqları və çəkinmədikləri üçün sıxıntı, narahatlıq və qorxu kimi hissləri yaşamırlar. Dünyəvi bağlılıqlarının, qısqanclıqlarının, eqoizmlərinin olmaması onların xoşbəxt, rahat və şən olmaqlarını təmin edir.
Allah bir çox ayəsində nicat tapanları, yəni qurtuluş və xoşbəxtliyə qovuşanları belə bildirir:
...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (“Həşr” surəsi, 9)
(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır. (O kimsə ki,) Rəbbinin adını xatırlayıb namaz qılmışdır. (“Əla” surəsi, 14-15)
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allah`ın lütfünü axtarın və Allah`ı çox zikr edin ki, bəlkə nicat tapasınız. (“Cümə” surəsi, 10)Vicdan sahibi insanlar ancaq özləri kimi gözəl xasiyyətli insanların yanında rahat olurlar. Çünki bir insanın başqası ilə dost ola bilməyi üçün onun əxlaqından və xarakterindən xoşlanmalıdır. Vicdan isə sadəcə vicdanlı hərəkətlərdən zövq alır. Nəfsin istək və ehtiraslarına tabe olan insanların qərarları, rəftarları, söhbətləri həmişə Allah`dan uzaq olur. Allah`a yaxınlaşmaq üçün cəhd edən insan isə belə bir mühitdən uzaq olar, Allah`ın razı qalacağı mühitlərdə olmaq istəyir. Belə ki, Allah`ın əmri də budur:
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (“Kəhf” surəsi, 28)Əslində vicdanlı bir insanın məqsədi cənnətdir. Cənnətin həsrətini çəkdiyi üçün dünyadakı şərtlərdə də oradakı mühitin bənzərini yaratmağa çalışır. Cənnətdəki insanlarla necə danışılarsa, möminlərlə elə danışır, cənnətdəki nemətlərə baxan bir insanın üz ifadəsi necədirsə o baxışdan istifadə edir, cənnətdə söyləyə bilməyəcəyi bir sözü söyləmir, cənnətdə düşünə bilməyəcəyi bir pisliyi düşünmür. Həmçinin, cənnət necə hərtərəfli, maddi və mənəvi cəhətdən qüsursuz bir təmizliyə sahibdirsə, dünya şərtlərində mümkün ola biləcək maksimum təmizliyi təmin edir, cənnətdə olmayacaq, cəhənnəmə xas bütün xüsusiyyətlərin hamısını dünyada da aradan qaldırmağa çalışır.
Buna görə də vicdanına tabe olmaqla özünü cənnətdəki həyatına hazırlayır və cənnətə layiq olmaq üçün özünü tərbiyələndirir. Bir ayədə Allah yaxşı işlər görənlərin cənnətdəki yerlərini hazırladıqlarını belə bildirir:
Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar. (“Rum” surəsi, 44)Vicdana tabe olmağın insanın mənfəətlərinə zidd olacağı kimi yanlış məntiqə sahib olan insanlar vicdanlarına tabe olmayaraq, nəfslərinin istək və ehtiraslarını təmin edə biləcəklərini, mənfəətlərini qoruya biləcəklərini və beləcə qazanc əldə etdiklərini zənn edirlər. Dünya həyatındakı aldanışların ən böyüklərindən biri budur və bu azğın inanclarına görə həm dünya, həm də axirətlərini itirirlər.
Dünyalarını itirirlər, çünki hər şeydən əvvəl vicdanlarına deyil, nəfslərinin eqoist ehtiraslarına tabe olmağın gətirdiyi böyük bir mənəvi sıxıntı yaşayırlar. Vicdan Allah`ın əmrindədir və tamamilə insanın idarəsindən kənardır.
Bir insan öz daxilində nə qərar verirsə versin, nəyə meyil göstərirsə göstərsin, vicdanı onun əsla buraxmır və hər şərtdə, hər vəziyyətdə doğrunu söyləyir. Bir tərəfdən doğrunun nə olduğunu dinləyib, digər tərəfdən isə buna tabe olmamaq böyük bir "vicdan əzabı"na səbəb olur. "Vicdan əzabı" digər sıxıntıların heç birinə bənzəmir. Bu, Allah`ın insanlara etdikləri əməllərə qarşılıq olaraq və həmçinin səhvlərini düzəltmələri üçün bir fürsətdir. Quranda vicdanlarına tabe olmadıqları üçün sıxıntı çəkən və bu sıxıntıya dözə bilməyərək tövbə edən üç nəfərdən xüsusilə bəhs edilir:
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (“Tövbə” surəsi, 118)Quranda çəkdiyi vicdan əzabına numünə göstərilənlərdən biri də Allah`ın təriflədiyi bir elçisi hz. Yunusdur. Hz. Yunus qövmü ona qulaq asmadıqlarına görə onları tərk etmişdir. Lakin bir müddət sonra qövmünü tərk etməsinin yanlış olduğunu anlayaraq peşmançılıq hiss etmiş və Allah`a tövbə etmişdir. Allah tövbəsini qəbul edərək onu yenidən peyğəmbər kimi bir qövmə göndərmişdir. Bu dəyərli insanın hiss etdiyi vicdan əzabı Quranda fərqli ayələrdə belə təsvir edilir:
Zün-Nunu da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! (“Ənbiya” surəsi, 87-88)
Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus ) kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı. (“Qələm” surəsi, 48-49)Ancaq xüsusilə qeyd etmək lazımdır ki, yuxarıda göstərilən hər iki nümunədə də vicdan əzabına görə tövbə edərək bu vəziyyətdən qurtulan möminlər vardır. Bu nümunələrdən aydın olduğu kimi, bir insanın rahatlıq tapa bilməsi üçün vicdanına tabe olması, səhv etdikdə tövbə edərək Allah`a üz tutması lazımdır. Əks davranış göstərən insanların həyatları boyu pərişan və üzüntü içində yaşamaları qaçılmazdır.
Ancaq buna baxmayaraq insanların əksəriyyəti çəkdikləri vicdan əzabına baxmayaraq, haqqa qarşı müqavimət göstərir, nəfslərinin pisliklərinə tabe olmağa davam edirlər. Ümumiyyətlə, əvvəldə danışdığımız kimi, vicdanlarını təzyiq altına almaq, təxirə salmaq və bəhanələr irəli sürmək kimi üsullarla içlərindən gələn səsi susdurmağa çalışırlar. Allah vicdanlarına tabe olmayan, qəlbi Quranda İslama və dinə qarşı laqeyd olanların mənəvi sıxıntılarını və yaşadıqları mənəvi boşluğu belə təsvir edir:
...Kim Allah`a şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (“Həcc” surəsi, 31)
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (“Ənam” surəsi, 125)Həmçinin, yaşadıqları bu mənəvi sıxıntı ilə yanaşı ruhları da heç cür qane olmur. Dünya şərtləri daxilində ən çox mənfəətə sahib olsalar belə, bununla qane ola bilmirlər. Nəfsləri heç vaxt doymur və həmişə əskiklik hiss edirlər. Çünki Allah insanın ruhunu ancaq vicdanına tabe olmaq və Allah`ın razılığını qazanmaqla təmin olacaq şəkildə yaratmışdır. Bir ayədə belə deyilir:
Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (“Rad” surəsi, 28)Yuxarıdakı ayədən də aydın olduğu kimi, ancaq Allah`a yönələn, Onu anan və Allah`ın onlara bir yol göstərici olaraq bəxş etdiyi vicdana tabe olan insanlar dünyada rahatlıq tapa bilirlər.
Həmçinin, vicdanlı kimsənin ətrafında həmişə vicdanlı insanlar olursa, nəfsinə tabe olan insanlar da nəfsinin ardınca gedənlərlə birlikdə olmağa məhkumdur. Bu insanların ətrafında həmişə şeytanın arxasınca gedən, nəfsinə tabe olan insanlar və bunların əmələ gətirdiyi sıxıntılı bir mühit meydana gəlir. Əslində, həqiqəti bildikləri halda əməl etməyənlər, fədakarlığı xoş qarşılamayanlar, ədalətsizlik edənlər, qısqanc davrananlar, insanlarda gördükləri əskikliklərlə lağ edənlər, təkəbbürlənənlər və bunlar kimi hər cür pis əxlaq göstərənlər eyni davranışlarla qarşılıq görürlər. Hər şeydən əvvəl meyarı vicdan deyil, mənfəət olan bir mühit olduqca etibarsızdır. Belə bir mühit hər kəsdə böyük narahatçılıq yaradır. İnsan kimdən nə görəcəyini bilmir. Heç vaxt əsl dost tapa bilmir. Əsl vəfa və sədaqəti tapa bilmir. Heç vaxt fədakarlıq etmir. İnsanlar həmişə özlərinə qarşı incə düşüncəli davranılmasını istəyirlər. Ancaq belə bir mühitdə nə özləri başqalarını düşünür, nə də başqaları onları düşünür.
Beləcə, dünyada maddi və mənəvi hər cəhətdən cəhənnəm həyatını yaşayırlar. Həmçinin, bəzən yaşadıqları sıxıntılı vəziyyətin səbəbini özləri də anlaya bilmirlər. Eqoistlik və dünyəvi ehtiraslarına tabe olmağın cəzası kimi Allah`dan heç cür razı olmayan, rahatlıq tapmayan, gözəllik görməyən bir həyatı yaşayırlar. Lakin bu, ancaq dünyada yaşadıqları əzabdır. Axirətdə qarşılaşacaqları sonsuz əzab, əlbəttə, dünyadakı ilə müqayisə edilməyəcək dərəcədə qorxunc və dəhşətli olacaq. Dünyada vicdansızlıq edənlərin axirətdə görəcəkləri qarşılıq Quranda belə bildirilir:
O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (“Fəcr” surəsi, 25-26)Xüsusi vurğulanmalı bir məqam vardır: Vicdanlı insanlar cənnətdəki yerlərini hazırlayırlarsa, nəfsini ilahlaşdıranlar da eynilə cəhənnəmdəki yerlərini hazırlayırlar, amma özləri bunu dərk etmirlər:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. (Allah) deyəcəkdir: “Etdiyiniz əməllərin (cəzasını) dadın!” (“Ənkəbut” surəsi, 53-55)Din günündə insanlar yeni bir yaradılışa sahib olacaqlar. Allah`ın yolu ilə və nəfslərinin yolu ilə yaşayanlar fərqli yaradılışlarla yaradılacaqlar. Buna görə də möminlərin üzündə imanın nuru və gözəlliyi əks olunacaq, inkar edənlər isə çirkinləşdiriləcəklər.
Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allah`ın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar. (“Qəsəs” surəsi, 42)Bir çox Quran ayəsində o gün inkar edənlərin üzlərini toz, zillət və zülmət örtəcəyi və qapqara olacağı təsvir olunmuşdur:
O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (“Əbəsə” surəsi, 40-42)
Sən Qiyamət günü Allah`a qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? (“Zümər” surəsi, 60)Üzlərindəki bu fiziki çirkinləşmə metafizik bir haldır. Allah`ın istədiyi kimi yaşamağı seçməyən bu insanlar nəfslərinə tabe olarkən əslində alçalmağı da qəbul etmişlər. Nəfsə tabe olmağın, vicdana qarşı çıxmağın çirkinliyini və şərəfsizliyini yaşayırlar. Məhz buna görə də alçaldılmış şəkildə cəhənnəmə sürgün edilirlər:
Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyil saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr. (“Əraf” surəsi, 176)Nəfsin kiçik hiylələri qarşısında məğlub olan bu insanlar dünyada qürurlanmağın qarşılığını axirətdə alçaldılaraq görəcəklər. “Ğaşiyə” surəsinin 2-ci ayəsində yalnız fiziki çirkinliklərindən deyil, eyni zamanda alçaldılmış olduqlarından da bəhs edilir:
O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək.. (“Ğaş iyə” surəsi, 2)Bu xəbərdarlıqlara baxmayaraq, ayələri nəzərə almamış, yaşamamış və vəziyyətlərini düzəltməmiş inkarçılar həmin an heç gözləmədikləri qədər alçalacaq və çarəsiz vəziyyətə düşəcəklər. Allah`ın ayələrini rədd edib öz ehtiraslarına görə istədikləri kimi bir həyatı seçənlər Quranda bildirilən əzaba bu hərəkətləri ilə layiqdirlər. Bu insanların hesab günündə düşəcəkləri vəziyyət çox çətindir. Şübhəsiz ki, Allah haqq ilə hökm verəcək və vədlərini ədalətlə reallaşdıracaq. Ayələrdə belə buyrulur:
...Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq. (“İsra” surəsi, 97)
O deyəcək: “Ey Rəbbim! Mən (dünyada) görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” (Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” (''Taha’’ surəsi, 125-126)